İranda molla əbasına bürünmüş fars şovinizmi Qərbdən imdad diləyir

Son zamanlar Tehran rejimi Qərblə isti münasibətlər qurmaq üçün yeni təşəbbüslər irəli sürüb. Hətta bu yöndə liberal görünüşlü addımlar atmağa başlamışdır. Prezident Həsən Ruhani BMT-nin son toplantısında müxtəlif görüşlər keçirərək bir sıra təşəbbüslərdə bulunmuşdur. Xüsusilə insan haqları, atom enerjisi və sosial-iqtisadi sahələrdə islahatlar aparacağını vəd etmişdir. Siyasi müşahidəçilərin fikrincə möcud  rejimin saxlanılması əslində ölkənin inkişafının və gələcəyinin mücərrəd olacağı da bir faktdır. Çünki, ölkədə üfüqi mənada siyasi hədəflərdən daha çox, yeni sosial baxışların sürətlə inkişaf etməsi   bütün bunların fərqli olacağı ehtimalına açıq şəkildə varmaqdadır. Mövcud rejim və əhali, müxtəlif topluluqlar, dini və məzhəbi baxışlar gözlənilən prosesdə hansı iddialara söykənir? Belə bir axının içində Güney Azərbaycanın, eləcə də fars, bəluc, kürd, gilək və ərəblərə məxsus regionlarda yaşayan türklərin taleyi necə olacaq? Bu suallarla bağlı GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) lideri Mahmudəli Çöhrəqanlıya müraciət etdik.

cehreqanli

– Mahmudəli bəy, sizcə İranın Qərbə doğru zahiri baxımdan əlcək atmasını necə xarakterizə olar?

– Tehran rejimi bu gün 18-ci yüzillikdə Avropada dəbdə olan “Hind-Avropa”, yəni “ari” nəzəriyyəsinə söykənərək buna bir qədər fərqli rəng çaları qatmaqla daha məkrli və hiyləgər siyasi taktika ilə hərəkət etməyi hədəf seçmişdir. Bunun əsas səbəbi İran adlı ərazidə yaxın gələcəkdə baş verəcək dəyişikliklərin fərqinə varmadan iki əsas prinsipin meyara çevrilməsi üçün bunun təməlləri işlənilməkdədir. Heç də sirr deyil ki, Qərb İran siyasətində uzun müddət “arizm”, yəni “Hind-Avropa” nəzəriyyəsini müdafiə etmişdir və bununla da, regiondakı min illik Türk tarixi və mədəni, etnoloji və passionar siyasi düzəni mümkün qədər məhv etməyə çalışmışdır. İndiki Hindistanın 19-cu yüzilə qədər coğrafi ərazisi dini-klerikal, mədəni-ideoloji müstəvidə çox geniş areala mənsub olan geniş məna kəsb etmişdir. Buraya ari, benqal, badaqa, bxuti, buxar, qucarata, cavara, doqra, kəşmir, madxesi, pəncab, paxar, racpur, sinqal, çaqos, kəşmir, dravit, lepça, loba, loxta, manipuri, nepal, pars, racput, sindhi, sikhi, sumi, hindus, şina, erməni və toplam 130-a qədər xalqlar daxildir. Adını qeyd etdiyimiz parslar İran adlı əraziyə gəlmə toplum hesab olunurlar. Halbuki, Həmədan, Urmu, Qəzvin, Qaradağ, Ərdəbil, Qum, Kərəc, Xorasan və digər bölgələrdə arxeoloji qazıntılar zamanı üzə çıxan maddi mədəniyyət abidələri də sübut edir ki, 6-8 min il öncə bu torpaqların əzəli və əbədi sakinləri türklər olmuşlar. 19-cu yüzillikdə avropalılar “Uest-Hindes” və “Oest-Hind” nəzəriyyəsinin mədəni və ideoloji baxışlarını neokolonial müstəvidə qurmaqla, həm də regionda dərin siyasətlər üzərində qurmağa başladılar. Bu projeyə uyğunlaşdırılan amillərdən biri də, “İran” və ya “Persiya” coğrafi məkanı daxil edildi. Strateji hədəfdə bölgədə min ildir hakimiyyətdə olan, həmin dönəmdə ölkəni idarə edən Qacar  xanədanlığını tamamilə məhv etmək dururdu. Çünki, tarixdə qeyd olunduğu kimi, Aran, Türküstan və Xorasan coğrafi arealında türkün beş min illik siyasi, hərbi, sosial və iqtisadi gücünün passionarlığı əsasında qurulmuş infrastukturlar, ticarət yolları Hind hövzəsi ilə uzlaşdırılmışdı. Avropa isə həmin bazarı ələ keçirməklə dünyanın ən böyük güc sahibi olmağa çalışırdı. 1737-1739-cu illərdə Nadir Şah Ovşarın Hindistan yürüşünün mənası bu idi ki, Qərb Hindistan üzərində ağalıq edə bilməz və ənənəvi iqtisadi və ticarət yollarına nəzarət etmək hüququ yoxdur. Bu yürüşlər Qərb üçün əslində çox böyük bir dərs oldu. Buna görə də Qərb həmin dönəmdən başlayaraq düz 1925-ci ilə qədər “Persiya” və ya “İran” adı altında farslara məxsus ideoloji konsepsiyanı bütün xalqların həyat normasına çevirməyə başladı. Bu yöndə milli, istərsə də dini-məzhəbi baxımdan indi adını “paniranizm” və  “panfarsizm” qoyduğumuz konsepsiya hələ də davam edir.

– Bəs bunun çağdaş siyasi-ictimai proseslərlə nə kimi bağlantısı vardır? 

– İstər 1925-ci ildə hakimiyyətə gəlmiş pəhləvilər, ya da 1978-ci il 23 Bəhmən İnqilabı sayəsində hakimiyyəti ələ keçirmiş və molla əbasına bürünmüş fars şovinizmi həmin ənənəyə dayanıqlı olaraq, bölgə əhalisini 200-300 il bundan öncənin təfəkkür tərzində saxlamaqla, eyni zamanda buna çağdaş modern inkişafın çalarında yanaşma tərzini təklif edir. Bunun üçün fars şovinizmi ideoloqları paniranizmə xidmət edən ölkədəki bütün universitetlərin elmi potensialını səfərbər ediblər. Çünki, Güney Azərbaycan öndə olmaqla, bu gün Bəlucstan, Xuzistan, Xorasan-Türkmən, Mazəndaran və Loristan kimi çox iri regionlarda yaşayan xalqlar özgürlüklərinə sahib çıxmaq istəyirlər. Paniranizm ideologiyasının dayaqları ola biləcək yeni təşəbbüslərdə yer alan faktlardan biri kimi Əfqanıstan, Tacikstan, Pakistan və İranın yeni etnocoğrafi məkan olaraq, Türk Dünyasının inteqrasiya olunmasının qarşısını almaq üçün Tehran rejimi Çin, Rusiya və Qərblə üçlü siyasi proseslərin yaradılması təklifini irəli sürmüşdür. Buraya Hindistanın da əlavə olunmasını vacib sayır. Çünki, dünyanın bu üç qlobal güc mərkəzləri təəssüf ki, hələ də antitürk masası üzərində siyasət yürüdürlər. Əslində dünya birliyi bilməlidir ki, Türk Dünyasının bəşəri mənada siyasi doktrinasını böyük Mustafa Kamal Atatürk 20-ci yüzilin başlanğıcında irəli sürmüşdür. Bu “Cahanda Sülh, Yurdda Sülh” ideyasından ibarətdir. Tarixdə baş vermiş Güney Azərbaycan inqilablarının ideoloji və siyasi tərəfləri də tamamilə demokratiya və insan haqlarına, ictimai və sosial ədalətə söykənmişdir. Bunun özü bir daha təsdiq edir ki, bizim Milli Hərəkat həmin tarixi və bəşəri ideyaya sadiqdir. Biz GAMOH təşkilatı olaraq, ölkə daxilində, həm də xaricidə məhz bu faktoru irəli sürürük. Uzun müddətdir apardığımız təbliğat və təşviqatın nəticəsi kimi bu gün bir sıra dövlətləri Güney Azərbaycan və onun Milli Hərəkatının fəlsəfəsinə inandıra bilmişik. Biz bu prosesdə Doğu Türküstan, İraq-Türkman, Əfqanıstan Türkləri, Suriya-Türkman, Güney Azərbaycan və bütövlükdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə səyləri nəticəsində nail ola bilmişik. Məhz bu birliyin gücü ilə hələ də qatı fars şovinizmi siyasətini yürüdən mərkəzlərin səsini kəsmək, Güney Azərbaycan milli davasının hədəflərini ortaya qoymuşuq. Tehrandakı fars şovinizmi mərkəzləri bütün bunları çox diqqətlə təhlil edirlər. Yaranmış durumdan xilas yolları arayırlar. Bizim güclənməkdə olan Milli Hərəkatımızın fəlsəfəsinə qarşı hiyləgərcəsinə və məkrli niyyətlərini nümayiş etdirməyə çalışırlar. Hətta bizlərə “rasizm” kimi damğasını belə vurmaqdan çəkinmirlər. Biz dövlət totalitariz üsulu ilə idarə olunduğunu irəli sürürk, dərhal liberallaşmaq üçün hərəkət edəcəklərini elan edirlər. Biz ana dilində məktəb tələb edirik, deyirlər ki, zatən İran Ana Yasasının 15 və 19-cu maddəsinə uyğun olaraq hər bir millət ana dilində təhsil ala bilər qanununu göstərirlər. Biz Urmu gölü ətrafında yaranmış bəşəri ekoloji fəlakəti ortaya qoyuruq, Tehran isə rejimi 19 istiqamətdə layihənin hazırlandığını bəyan edir. Əslində Tehran rejimi bunların heç birinə əməl etməyəcəkdir. Ötən 35 illik tarix də bunu sübut edir. Bu gün büroktatik əngəllər adı altında fars şovinizmi vaxt qazanmağı hədəf seçib. Biz GAMOH olaraq, bunları dərindən təhlil edərək dünya ictimaiyyətinə, xüsusilə öz xalqımıza vaxtında çatdırır və paniranistlərin və panfarsiztlərin məkrli oyunlarda yer aldıqları hədəfləri çılpaqlığı ilə ortaya qoyuruq. Bu da öz növbəsində ideoloji və siyasi mənada çox böyük zərbələrdən biridir.

– Sizin fikrinizcə dünya birliyi, xüsusilə də Qərb dövlətləri paniranizm və panfarsizmin yanında duracaqlarmı? Yəni klerikal rejim dəyişərsə belə, mahiyyətin dəyişmədiyini dəstəkləyəcəkmi? Çünki, “İranlı mühacirlər” adı altında çoxsaylı mərkəzlər var ki, onlar da İranda rejimin dəyişməsi və dünyəvi dövlət adı altında hakimiyyətə gəlmək iddiasını gizlətmirlər. 

– Bizim əsas hədəfimiz İran adlı bölgədə kimin nə istədiyi deyil, Güney Azərbaycanın öz tarixi coğrafi hüdudları daxilində milli hüquqlarına nail olması, milli dildə uşaq baxçaları, orta və ali məktəblərin fəaliyyət göstərməsi, televiziya-radio, milli mətbuatına tam sahib çıxması maraqlandırır. Eyni zamanda Güney Azərbaycanın tarixi ərazilərindəki yeraltı və yerüstü sərvətlərin əsil sahibi Azərbaycan Türkləri olmalıdır. Biz bir millət olaraq buna nail olmasaq, heç bir uğur da qazana bilməyəcəyik. GAMOH-dakı mütəxəssislər bütün bunları çox diqqətlə təhlil etmişlər. Güney Azərbaycan özünü tam şəkildə təmin edə bilmək gücündədir. İstər kənd təsərrüfatı mallarının istehsalı və istərsə də digər təbii sərvətlərinin sayəsində buna hazırdır. Muğan bölgəsində çox nəhəng neft yataqları var  ki, heç zaman onların istismarına icazə verilməmişdir. Filiz, qızıl, uran, digər əlvan metalların yataqları bu gün qəddarcasına istismar olunaraq, farslara məxsus regionlardakı fabriklərdə emal olunur. Güney Azərbaycanın təbii sərvətlərindən əldə olunan gəlirlər isə farslara məxsus regionların inkişafına yönləndirilir. Ekoloji cəhətdən böyük fəsadlara səbəb olan fabriklər isə Güney Azərbaycan ərazilərində yerləşdirilib. Siz fars şovinizminin mənhus niyyətinə baxın ki, bir yandan xalqımızı assimliasiyaya məruz qoymaq, digər yandan isə ekoloji cəhətdən dünyanın ən zərərli müəsissələrini Güney Azərbaycanda inşa etmişdir. Urmu gölünün qurudulması faciəsinin ardınca, Təbriz ətrafındakı çayların qurudulması kimi  siyasəti yürüdülməsinə başlanılmışdır. Guya Araz çayından Urmu gölünə kanallar çəkmək planını hazırlamışdılar. O kanalların keçəcəyi əraziləri dərhal varlılara satdılar. İndi bu torpaqları satın almaq üçün büdcədə vəsaitin olmadığı iddiasını irəli sürməyə başlamışlar. Bir tərəfdən Tehran rejimi dünya birliyini aldatmaq üçün liberal siyasi xətt yürütdüyünü, digər yandan öncələrdən fərqli olaraq, daha qəddarcasına addımlar atmağa başlamışdır. Bu gün Güney Azərbaycan Milli Hərəkatı adına həbs olunanların sırasında əsasən öndə gedən milli fəalların adları çəkilir. Halbuki, minlərlə sıravi üzvlərimiz də liderlərə verilən işgəncələrlə üz-üzə qalmışlar. Biz indi bu prosesin miqyasını hesablamaqla alternativ mübarizə üsulları ilə hərəkətə keçmişik. Çünki, Tehran rejimi onsuz da həyat şəraiti çox ağır olan milli fəallarımızı məhkəmələr vasitəsilə cərimə ödmək adı altında onların bütün var-yoxunu əllərindən almaqla, yer-yurdundan məhrum etmək taktikasına keçmişdir. Son zamanlar müşahidə olunan və bizi sevindirən əsas amillərdən biri də, Güney Azərbaycanda baş verən prosesə ümummilli hədəf kimi cəmiyyətin bütün zümrələrinin həmrəylik nümayiş etdirməsidir. Artıq bir sıra təbəqələr də başa düşürlər ki, Güney Azərbaycan məsələsi ümummilli prosesdir. Urmu gölünün qurudulması və burada baş verən ekoloji problemlər təkcə adi insanlara deyil, həm də zənginlərə də milyonlarla zərər vurmuşdur. Onlar indi Tehran rejiminə etirazlarını dilə gətirməyə başlamışlar. Zəngan, Həmədan, Ərdəbil, Qəzvin, Savə və digər bölgələrdə də durum belədir. Qaradağ vilayətində zəlzələ zamanı Tehran rejiminin qışın soyuq çağında çadırlarda donaraq ölən körpələrə laqeyd yanaşması insanlıq duyğusu olan hər kəsin nifrətinə səbəb oldu. İndi hamı daha yaxşı başa düşməyə başlamışdır ki, fars şovinizmi və paniranizm nə deməkdir.

(627)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *