“Ermənilərin Moskvada “Naxçıvan təxribatı

Sana News: Ermənilərin növbəti təxribatı üzə çıxıb. Moskva şəhərində ermənilərə məxsus olan böyük kilsə kompleksinin tikintisi sona çatıb. Sentyabrın 17-də açılışı olacaq kilsə kompleksi Ermənistan Qriqoriyan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” üzrə yeparxiyasının iqamətgahı olacaq. “Eçmiədzin” kilsəsindən sonra dünyada ən böyük erməni kilsəsi olacaq bu kompleksin tikintisi 1996-cı ildən başlayıb.
Moskvada yaşayan erməni diasporunun ianələri hesabına tikilən dini ibadətgahda inzibati mərkəz, maşın dayanacağı, muzey, sərgi salonu, məktəb, tibb məntəqəsi və katolikosluq binası yerləşəcək.

Tikinti işləri Ermənistandan gələn ustalar tərəfindən həyata keçirilib. Kilsə binası məxsusi Ermənistandan gətirilən tuf daşlardan tikilib. Layihənin planlaşdırılmasına Ermənistanın əməkdar memarı Artak Qulyan rəhbərlik edib. Əsas kilsə binası 50 metr hündürlüyündə olacaq. Kilsə eyni vaxtda 1000 nəfəri qəbul etmək imkanına malik olacaq.

Qeyd edək ki, 2001-ci ildə tikinti işlərinə nəzarət edən arxiyepiskop Tiran Küregyanın layihə üçün ayrılan 3 milyon dollar vəsaiti mənimsəməsi böyük qalmaqal yaratmışdı. İnşaat işləri bir neçə il dayandırılmışdı. Lakin sonradan işlər bərpa olundu. Ümumilikdə tikinti işləri 15 milyon dollara başa gəlib.

Sentyabrın 17-də kilsə kompleksinin açılışına bütün ermənilərin katolikosu II Qareginin qatılacağı ehtimal olunur.

Xatırladaq ki, erməni Qriqoriyan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” yeparxiyasının rəhbəri I Yerzas II Qareginin doğma qardaşıdır.

Bu, faktiki olaraq kilsənin Naxçıvanın adını daşıyacağı anlamına gəlir və olduqca ciddi təxribat sayılır.

AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli məsələyə münasibət bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə də Rusiyada, xüsusilə Moskvada erməni lobbisinin təzyiqi ilə kilsələrə “Naxçıvan” adının verilməsi hallarına rast gəlinib.

“Buna Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikasının ictimaiyyəti öz kəskin münasibətini bildirib. Şübhəsiz ki, xristian abidəsinin “Yeni Naxçıvan” adı ilə təqdim olunması ermənilərin illərdən bəri iddiasında olduğu “Naxçıvan” mövzusunun tərkib hissəsidir. Bu, elmi, siyasi, dini cəhətdən də yanlış bir mövqedir və təxribat xarakteri daşıyır. Çünki Naxçıvan adı həmişə türk-müsəlman dünyası ilə bağlı olub. Ona görə də xristian mülkiyyəti olan hər hansı bir tikiliyə “Naxçıvan” adının verilməsi dini nöqteyi-nəzərdən də təxribatdır. Bu təxribat ictimaiyyət tərəfindən qəbul olunan deyil. Dünya bilir ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

“Azəri-Türk” Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı “Bakı-Xəbər”ə açıqlamasında ermənilərin bu əməlinə kəskin etirazını bildirdi. Onun sözlərinə görə, bu məsələdə Rusiyanın da böyük günahı var: “Rusiya hər zaman Ermənistana açıq havadarlıq edir. Bu gün erməni adı ilə Qarabağı işğal altında saxlayan, erməniləri belə zəhərli ideyalarla silahlandıran da Rusiyadır. Naxçıvan adında kilsənin tikilməsinə kəskin şəkildə etiraz edilməlidir. Bizim fərdi etirazımız da heç bir nəticə verən deyil. Rusiyaya rəsmi səviyyədə nota verilməlidir. Azərbaycanın, xüsusilə də Naxçıvanın ziyalıları məsələyə biganə qalmamalıdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Asəf Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin Naxçıvanla bağlı iddiaları hər zaman olub və onlar imkan düşdükcə bunu müxtəlif vasitələrlə gündəmə gətirir: “Onlar bir az da irəli gedərək, 90-cı illərdə öz çirkin məqsədlərini hərbi yolla reallaşdırmaq istəyirdi. Naxçıvan qədim tarixə məxsus olan türk yeridir. Bir neçə əsr bundan əvvəl Naxçıvanda hansı sayda ermənilərin yaşaması barədə arxiv məlumatları bu gün də qalır. Rusiyada belə bir adda kilsənin açılması isə bu iddianı yenidən gündəmə gətirmək istəyi ilə bağlıdır.

Bütün bunları ermənilərin boş xülyası kimi qiymətləndirmək lazımdır. Ancaq ermənilərə bu məsələdə şərait yaradan Rusiyanın da əməllərinə qiymət vermək lazımdır. Azərbaycan hakimiyyəti mütləq mənada Rusiyaya öz rəsmi etirazını bildirməlidir. Bununla yanaşı, tarixçilər və bütün sahələri əhatə edən ziyalılar da etiraz etməlidir”.

boyukmillet.com

(603)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *