İranla Azərbaycan arasında təhlükəli sənəd təsdiqləndi

img1712680SANANEWS: Sabir Rüstəmxanlı: “Bu müqavilədən sonra burda daha səsimizi də çıxara bilməyəcəyik”

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilir. Spiker Oqtay Əsədov gündəlikdəki məsələlərin çoxluğunu nəzərə alıb, cari məsələlərə yer ayrılmayacağını bildridi və birbaşa müzakirələrə keçilməsini təklif etdi. 
Ancaq komitə sədri Eldar ibrahimov söz alıb, spiker O.Əsədovu 60 illik yubileyi və prezident sərəncamı ilə ona “Şərəf” ordeninin verilməsi ilə bağlı təbrik etdi. Sonda isə “cənab sədr, arzu edirik ki, sizi 70-80 illiyinizdə də elə burada, bu vəzifədə təbrik edək” söylədi. Spikersə təşəkkür edərək bildirdi ki, iclasdan öncə ölkə başçısı İlham Əliyev ona layiq gördüyü ordeni şəxsən təqdim edib. Bun zamansa deputatlara təbriklərini çatdırmasını istəyib.    
Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Azərbaycan və Qətər dövlətləri arasında imzalanan sənədi 1-ci vitse-spiker Ziyafət Əsgərov təqdim etdi və sənəd təsdiqləndi. Gülzar Rzayevanın Ali Məhkəmənin hakimi təyin olunması ilə bağlı qərar layihəsini isə komitə sədri Əli Hüseynli təqdim etdi. 
Sabir Rüstəmxanlı spiker Oqtay Əsədovu təbrik etdi. Eyni zamanda deputatları və parlament jurnalistlərini qarşıdakı bayramlar münasibətilə təbrik etdi. Eyni zamanda G.Rzayeva kimi hüquqşünaslarla fəxr etdiyini bildridi: “Harda işləyibsə, orada ədalətli olub. Mən Ali Məhkəmə sistemində bu cür insanların olmasına görə sevinirəm”.
     
Komitə sədri Səməd Seyidov Azərbaycan Respublikası və İran İslam Respublikası arasında imzalanan sənədi təqdim etdi. Bu sənəddə Azərbaycan və İran dövlətləri öz ərazilərində bir-birinin əleyhinə yönəlmiş cəhdlərin qarşısının alınmasına hazır olduqlarını bir daha bəyan edirlər.
 
Sabir Rüstəmxanlı bu məsələyə etirazını bildridi. Deputat öncə yaxın qonşumuz olan İranla tarixi əlaqələrimizin olduğunu xatırlatdı: “İran min il türklərin rəhbərlik etdiyi ölkə olub. Əslində ora bizim öz millətimizin dövləti kimi də baxa bilərik. Ancaq çox istərdim ki, bu sazişdə başqa müddəalar da görüm. İran bizimlə düşmənçilik edən ölkəyə neft-qaz verməsin, qapılarını onlara açmasın. Dolayısı ilə bunun bir ucu da gəlib, Dağlıq Qarabağa çatır. Belə çıxır ki, Azərbaycan ərazisində İranla bağlı söz deyən heç bir təşkilat, şəxs olmamalıdır. Yəni burada kimsə desə ki, 35 milyon azərbaycanlı İranda yaşayır və hüquqları pozulur, onda onu təqib edilməliyik. Artıq bunun izləri görünür. Burada Güney Azərbyacanla, Urmiyanın qurudulıması ilə bağlı bir tədbir keçirdiyimiz zaman dərhal İran səfirliyi hərəkətə keçir. Bu müqavilədən sonra burada daha səsimizi də çıxara bilməyəcəyik. Bu müqavilənin iki başı var. İranla müqaviləyə daha diqqətli olmalıyıq. Bu maddə bura qəsdən salınıb. Bundan sonra hansısa addımı atan kimi İran oradan səsini qaldıracaq ki, bizim müqaviləmiz buna məhdudiyyət qoyur”. 
Səməd Seyidov S.Rüstəmxanlının dediklərinə reaksiya verdi: “Söhbət tamamilə başqa şeydən – tərəflərin öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş şəxslərin, təşkilatların fəaliyyətinə imkan verilməməsindən gedir. Bu sənəd Azərbaycanın maraqlarına tam uyğundur. Əksinə, ərazi bütövlüyümüzün və suverenliyimizin qonşu İran tərəfindən tanınması məsələsi bir daha əksini tapıb”. 
O.Əsədov da dedi ki, S.Rüstəmxanlı məsələyə başqa müstəvidən baxdı. Amma əhəmiyyətli sazişdir, odur ki, səsə qoyaq. Sənəd təsdiq edildi. 
Daha sonra Azərbaycan və İran arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandum müzakirə edildi.
 
Vitse-spiker Valeh Ələsgərov bu barədə məlumat verdi. O, dedi ki, sənəd Astaraçay, Bolharı və Araz çaylarına aid edilir.  

(710)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *